Ana ən uca zirvədir
Deyirlər ki, ana ürəyindən qopan laylalar
həyatın ən şirin təranəsidir. Bu təranənin ahəngindəki mənalar min-min arzunun
səsidir. Bəlkə də ona görə bəşər var olan gündən ananın ünvanına həmişə xoş
sözlər qanadlanıb. Ana o qədər ilahi və müqəddəs varlıqdır ki, vətəni də onun
ismi ilə "Ana vətən" adlandırırlar. Şifahi xalq ədəbiyyatında,
folklor nümunələrində, dastanlarda, bayatılarda, el nəğmələrində ana olduqca
müqəddəs bir varlıq kimi vəsf olunub. Təsadüfi deyildir ki, analara ən yüksək
qiyməti də Məhəmməd peyğəmbər (s.ə.s.) verib: "Cənnət anaların ayaqları
altındadır". Ana haqqında atalar sözləri də çoxdur. Bu müdrik fikirlərin
məna çalarlarına diqqət yetirdikdə həyatın bütün rəngləri göz önündə canlanır:
"Ana qəlbi kövrək olar", "Ana ürəyi, dağ çiçəyi", "Ana
səbri böyükdür", "Ana qəlbinə toxunmaq olmaz", "Ana haqqı,
Tanrı haqqı", "Anadan artıq yavər olmaz", "Analı qızın işi
görünər, anasız qızın dişi", "Analı qızın özü böyüyər, anasız qızın
sözü". Hətta biri bəladan, ölümdən, qəzadan qurtulanda deyərlər: "Anası
namaz üstə imiş".

"Kitabi-Dədə Qorqud"dan başlamış
Nizaminin, Füzulinin, Xaqaninin və onlardan sonra gələn şair və yazıçıların
yaradıcılığında ana mövzusu xüsusi yer tutub. Əfzələddin Xaqani anasının
tərifini olduqca mənalı və təsirli qələmə alıb: "Əgər olmasaydı ana
zəhməti, qazana bilməzdim heç bu şöhrəti". Məhz ananın duaları ilə
iqbalının güldüyünü dilə gətirən böyük şair çox inamla, qüdrətlə bəyan edib:
"Mən bütün qüvvətli düşmənlərimin yolunu ona görə kəsə bildim ki, zəif bir
qarıdan (anasını nəzərdə tuturdu) qolum güc almışdı". Nizami Gəncəvinin də
mərdlər yetirən, igidlər bəsləyən, Nüşabələr doğan analar haqqında söylədiyi
bir fikir 800 ildən artıqdır ki, dillər əzbərinə çevrilib: "Aslanın
erkəyi, dişisi olmaz". Mirzə Ələkbər Sabir də həmişə böyük ustalıqla
təsdiqləyirdi ki, elmli ananın övladı kamil olar. Məmmədhüseyn Şəhriyar isə
söyləyirdi ki, "...biz min aləmin yaradıcısı olsaq da, bizim hər birimizi
ana yaratmış". Söz ustadlarından biri Nigar Rəfibəyli - özü də sevimli ana
olan bu şairə-qadın ana-bala məhəbbətini dünyanın arzuları, insanlığın baharı
adlandırırdı. Hətta elə şeirlər var ki, sanki nəsillər arasında bir körpü
vasitəsidir. Bu səbəbdən də dillər əzbərinə çevrilib. Yazıldığı şəraitdən asılı
olmayaraq mövzusuna görə qəlblərdə ayrıca yer tutub. Böyük dramaturq Cəfər
Cabbarlının yaradıcılığında xüsusi yer tutan "Ana" şeiri illərdir ki,
dilimizin əzbərinə çevrilib. Müəllifin söylədiyi kimi, cahanda elə bir qüvvə
həqiqətən, yoxdur ki, insan ömrü boyu onun qarşısında təzim etsin.
No comments:
Post a Comment